Fərrux bəy Ağakişibəyov – səhhət və sağlamlığın atası


Fərrux bəy Ağakişibəyov ictimai fəaliyyəti müddətində milli mənəvi dəyərlərimizin qorunması, səhiyyənin inkişafı, sağlam mühitin yaradılması və inkişafı, vətəndaşların sosial problemlərinin həlli istiqamətində düz 42 il xalqımıza, dövlətimizə və cəmiyyətimizə əvəzsiz xidməti olub.

O, gözəl həkim olmaqla yanaşı, çox qayğıkeş, çox mehriban bir insan idi. Bu keyfiyyətləri genetik olaraq valideynlərindən almışdı. Onun yüksələn şəcərəsinə nəzər salaq.
Ulu babası Nəbi bəyin ikinci oğlu Əli bəy 1786-cı ildə Qarabağın Kəbirli mahalının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. İbrahimxəlil xana və Mehdiqulu xana xidmət etmişdi.
Əli bəyin Ağakişi bəy, Behbud bəy, Qasım bəy adlı oğlanları vardı.
Ağakişi bəy Əli bəy oğlu 1809-cu ildə Kəbirli mahalının Pərioğlular obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. Mal-dövlətindən, sərvətindən xeyriyyə məqsədi ilə istifadə etmişdi.
Ağakişi bəyin törəmələri Ağakişibəyov soyadını daşıyırlar.
Ağakişi bəyin Paşa bəy, Əlikişi bəy, İbrahim bəy adlı oğlanları vardı.
Ağakişi bəyin ikinci oglu Əlikişi bəy 1840-cı ildə Kəbirli mahalının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi.
Əlikişi bəy Bəyaz xanım Məhəmməd bəy qızı ilə ailə qurmuşdu. Fərrux bəy, Süleyman bəy, Xosrov bəy adlı oğlanları vardı.
Fərrux bəy Əlikişi bəy oğlu 8 yanvar 1879-cu ildə Şuşa qəzasının Pərioğlular kəndində doğulmuşdu.
“[Fərrux bəyin] əsli İran hökümətindən qaçıb gələn şahsevərlərdəndir. Onlar ilə Mərcanlı və sairəsi gəlmişdir. Mərcanlılar Aras kənarında yerləşmişdirlər. Mərcanlının bir dəstəsi də Cavanşir uyezdindədir. Fərrux bəy ibn Ağakişi bəy ibn Əli bəy ibn Nəbi bəy ibn Mustafadır. Bəylik Əli bəydən etibarəndir.
1879-da, ya 1875 [-də doğulub]. İbtidai Ağdam ikisinifli məktəbi itmam edib, İrəvan darülmüəlliminini 1899-da bitirərək Qarabağ kəndlərində və sonra Gəncədə gimnaziyada, şəhər məktəblərində və sənət məktəbində müəllim olmuşdur. 1908-də gimnaziyanı bitirmişdir. Bir sənə sonra Odessaya gedərək tibbi fakültəni 1914-də tamam edib cərrahlıq şöbəsində qalmışdır. 1915-ci sənədə Avstriya və Almaniya cəbhəsinə getmişdir. 1918-ci ildə Odessadan nemes vapuru ilə tabutu gəlmişdir”.
Təəssüf ki, bu qeydlərdəki tarixlər rəsmi arxiv sənədlərində göstərilənlərlə düz gəlmir. (M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 səh. s.130)
Əslində Fərrux bəy ibtidai təhsilini məhəllə molaxanasında davam etdirmişdi. Ağdam kənd məktəbinə daxil olmuş, 1887-ci ildə oranı bitirmişdi. Sonra da İrəvan Müəllimlər seminariyasını oxumuşdu. O, bir müddət Ağdamın kəndlərində, eləcə də Lənbəran, Minkənd məktəblərində müəllimlik etmiş, yaşlı adamlara savad öyrətmişdir. O, klassik gimnaziyaya müvəffəqiyyətlə imtahan verərək kamal attestatı almışdı.
Fərrux bəy Ağakişibəyov təbiətən maarifçi adam idi. Daima maarifçilik fəaliyyətini davam etdirirdi.
Gəncə şəhərində Mixail peşə məktəbində müəllimliyə başlayan F. Ağakişibəyov burada cəmi 1 il çalışdıqdan sonra 1909-cu ilin aprelində Novorossiya Universiteti rektoruna ərizə yazaraq tibb fakültəsinə götürülməsini xahiş edib.
Fərrux bəy Ağakişibəyov 1909-cu ildə Odessaya gedərək universitetə daxil olmuşdu. Tibb fakültəsinin 5-ci kurs tələbəsi ikən 17 mart 1914-cü ildə prorektora ərizə yazaraq sənədlərinin Dövlət İmtahan Komissiyasına göndərilməsini xahiş edib və prorektor 3 gün sonra onun xahişini yerinə yetirib.
F. Ağakişibəyov tibb fakültəsini bitirəndə bəşəriyyətin həyatında bəlkə də ən dramatik dövr – Birinci Dünya müharibəsi başlandı. 28 iyul 1914-cü ildə rektora yazdığı ərizədə tibb fakültəsinin 10 semestrini bitirdiyini və Zaqafqaziya müsəlmanı olduğuna görə hərbi xidmət etməli olmadığını bildirib.
1914-cü ildə həkim diplomu ilə universiteti tamamlamışdı. Odessa qəzasında zemski həkim, Odessa-Poltava cəbhəsində həkim işləmişdi.
1 aprel 1916-cı ildə Novorossiya Universitetinin rektoru öz prorektoruna 3848 saylı məktub göndərərək təbib Fərrux bəy Əlikişi bəy oğlu Ağakişibəyovu cərrahiyyə hospital klinikasının ştatlı ordinatoru vəzifəsinə seçdiyini bildirərək onun tələbə ikən Universitetdə davranışları haqqında məlumat verməyi xahiş edib.
Doğrudur, müsəlman tələbələr hərbi xidmətə göndərilmirdilər, ancaq 1914-cü ildə başlanan dünya müharibəsindən sonra tibb fakültəsini bitirənlər cəbhə xəstəxanalarında həkim kimi fəaliyyət göstərməli idilər. Görünür, elə bu səbəbdən Fərrux bəy həkim kimi cəbhəyə göndərilib. İş burasındadır ki, onun cəbhədə hlak olması haqqında yuxarıda verilmiş fikir özünü doğrultmur.
Fərrux bəy 1915-ci ildə Odessa cərrahi qospitalına ordinator qəbul edilmişdi.
Fərrux bəy Ağakişibəyov 1918-ci ildə doğma Ağdama dönmüşdü. Burda xəstəxana olmadığından Şuşa şəhərində çalışmışdı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Şuşa rayon səhiyyə şöbəsinə müdir təyin edilmişdi. O, bir müddət Şuşada işləyərək yeni tibb ocaqlarının təşkilində yaxından iştirak etmişdir. Böyük təşkilatçılıq qabiliyyətinə malik olan Fərrux bəy Şuşa xəstəxanasının nəzdində feldşer məktəbi təşkil etmişdi.
Bir sənəddə Fərrux bəy Ağakişibəyovun 10 may 1921-ci ildən Xalq Maarif Komissarlığının Şuşadakı müəllimlər hazırlayan 6 aylıq kursunda işə başladığı göstərilib.
Fərrux bəy Ağakişibəyov 1922-ci ildə yenidən Ağdama qayıtmışdı. Orda xəstəxana, ambulatoriya təşkil etmiş, əhaliyə cərrahi yardım məsələsinin təməlini qoymuşdu.
1925-ci ildə Fərrux bəyin təşəbbüsü ilə Ağdamda üçkorpuslu xəstəxana və yardımçı binalar tikilmişdi. O, səhiyyə maarifi məsələsinə çox böyük qiymət verirdi.
Kəndlərdə kolxozçulara yardım etmək, onların səhiyyə mədəniyyətini yüksəltmək üçün xüsusi briqadalar təşkil edərdi. Fərrux bəy analar və hamilə qadınlar arasında da səhiyyə-maarifi işlərinin aparılmasına xüsusi qiymət verirmiş, “uşaqlara nümunəvi qulluq edən ana” müsabiqəsini keçirmişdir. Cərrah olmasına baxmayaraü, Fərruxbəy yoluxucu xəstəliklərlə də məşğul olmuş, hətta həmin şöbəyə rəhbərlik də etmişdir. Yorulmaq bilməyən F. Ə. Ağakişibəyov dairə icraiyyə komitəsinin üzvü olmuş, üç dəfə respublika sovetlərinin qurultayına nümayəndə seçilmişdir. 1923-cü ildə uyezd aypara cəmiyyətini təşkil etmiş və həmin təşçkilatın sədr müavini olmuşdur.
İstedadlı təşkilatçı, gözəl həkim Fərrux bəy Ağakişibəyov 1925-ci ildə sahə həkimlərinin Moskvada keçirilən birinci Ümumittifaq Qurultayına nümayəndı seçilmişdir. Həmin qurultayda çıxış edərək demişdir: “Mən bu günü həyatımda ən xoşbəxt günlərimdən biri hesab edirəm. Mən ona görə xoşbəxtəm ki, zəhmətkeş kəndlinin sağlamlığını qoruyuram, onları müalicə edirəm. Biz – azərbaycanlı həkimlər təkcə bununla kifayətlənmirik, elə etməliyik ki, proletar ideyalarımız respublikamızın sərhədlərindən uzaqlarda da yayılsın”. Kadr məsələsinə bpyük fikir verən Fərrux bəy 1936-ci ildə Ağdamda tibb bacısı məktəbi də təçkil etmişdir. Öz sənətinə, tutduğu vəzifəyə çox məsuliyyətlə yanaşan F. Ağakişibəyov 1941-1945-ci illərdə Ağdam hərbi komissarlığı tibb komisiyasının sədri olmuş, həqiqi zemski həkim, qayğıkeş müəllim, nümünəvi millət ziyalısı, xalqın sevimlisi olmuşdur.
Onun xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Bir sərəncamda qeyd olunur: “Ağdam rayon mərkəzi xəstəxanasının terapevt həkimi Ağakişibəyov Fərrux bəy Əlikişi oğlu” 1942-ci ildə “Azərbaycanın əməkdar həkimi” fəxri adına layiq görülüb.
Fərrux bəy Ağakişibəyov 1956-cı ildə Gəncədə vəfat etmişdir.
Fərrux bəy Ziba xanım Kərbəlayı Ələkbər bəy qızı Əliverdibəyova ilə ailə qurmuşdu. Səfərəli bəy adlı oglu, Mina xanım, Şəhla xanım, Seyra xanım adlı qızları vardı.
Fərrux bəy Ağakişibəyov terapevti kimi Qarabağda geniş şöhrət tapmışdı. Özü də təkcə gözəl mütəxəssis kimi deyil, həm də yüksək mənəviyyatlı şəxsiyyət kimi tanınmışdı. Deyirlər ki, zahirən nə qədər ciddi və təmkinli olsa da, əslində, çox səmimi, ürəyiaçıq bir insan idi.
Fərrux bəy Ağakişibəyovla bağlı rəvayətlər də onun yüksək mənəviyyatına dəlildir.

Arvad hamamı

Bir nəfər Fərrux bəyin yanına gəlib, deyir ki, hamamın damından yıxılıb qıçımı sındırmışam, mənə bir əlac.
Fərrux bəy soruşur:
-Kişi hamamından, ya arvad hamımdan?
Xəstə cavab verir ki, arvad hamamından.
Həkim:
-Ay kişi, sən bilmirsən ki, arvad hamamının damına çıxan, oradan salamat düşə bilməz?

Çiçə

Fərrux bəy seminariyanı bitirib Ağdama qayıdanda bir qız gözaltı eləmişdi. Bəyəndiyi qızın evlərinə adam göndərir ki, valideyinlərinin fikrini öyrənsin. Elçinin söhbətindən anlaşılır ki, onun təhsil qız tərəfini razı salmır. Fərrux bəy də Odesaya gedib ali təhsil aldıqdan sonra qayıdıb həkimlik edəndə, qızın qohumlarından biri ona xatırladır ki, bəs o, vaxtı ilə istədiyi qızı almaq fikrindən dönməyibsə, elçi göndərə bilər. Fərrux da yarıməmnun, yarıqəmli halda ona deyir:
-Deməli, o vaxt pis idim, indi çiçə olmuşam?

Təbabətdən söhbət

Bir məclisdə təbabətdən söhbət düşür, elmin son nailiyyətlərdən danışırlar. Biri xüsusi temperamentlə deyir:
-Amerikada təzəcə ölmüş adamın gözünü çıxarıb korun gözünə qoyurlar, başlayır görməyə.
Fərrux bəy sual edir:
-Görəsən bu əməliyyat neçəyə başa gəlir?
Cavab verirlər:-Yəqin ki, iki yüz min dollara.
Bəs onda iki göz neçəyə oturar?
-Yarım milyona.
-Belə olduğu halda, Allahın sizə pulsuz-pənasız verdiyi o gözün, qulağın, dişlərin qədrini niyə bilmirsiniz?

Ənvər Çingizoğlu

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.